NURLU HƏYAT
Rəsuli-Əkrəm(s.ə.s) :- “İzzət və Cəlal Sahibi olan Allah buyurur: -Əgər bəndənin əsas işi Məni yad etmək olarsa ,onun istək və ləzzətini Məni yad etməkdə qərar verərəm. İstək və ləzzətini Məni yad etməkdə qərar verdikdə o mənə aşiq olar və Mən də ona aşiq olaram; Mənimlə onun arasında olan hicabı aradan qaldırıb öz məhəbbətimi ona qələbə edərəm, (nəticədə) başqaları səhv etdiyi zaman o,səhv etməz. Belə şəxslərin kəlamı peyğəmbər kəlamı kimi olar. Onlar, doğrudan da, qəhrəmandırlar.”
İnsanın, bəlkə də ,ən dərin fitri istəyi mənəvi kamilliyə çatmaqdır.O, bir quş tək ilahi fəzada yüksəkliyə can atır, daha ali məqama çatmaq, Allah haqqında olan fitri biliyini həqiqi biliyə çevirmək arzusu ilə yaşayaraq, öz mərifətini artırmaq, içində hiss etdiyi boşluğu doldurmaq istəyir. Bu isə yalnız Allaha yaxınlaşmaqla mümkündür. Daxilimizdəki Allaha yaxınlaşmaq istəyinə lazımi qədər diqqət yetirə bilsək, nəyin axtarışında olduğumuzu anlayarıq. Bu yaxınlığın qapısını açmaq üçün yaradanımızın bizə bəxş etdiyi açar ibadətdir. İnsan hər dəfə bütün vücudu ilə yaradanına ibadət etdikcə, ali nura yaxınlaşır ki, bu da onu batinindəki pisliklərdən, lənətə gəlmiş şeytanın qəlbə saldığı şübhələrdən təmizləyir, ruhunu pak edir. Pak ruha malik insansa düşünülməz hərəkətlərdən, paxıllıqdan, kibrdən, dünya istəyindən, acgözlükdən, qeybətdən, kindən, zalımlıqdan, simiclikdən, qəzəbdən və bu kimi saysız-hesabsız günah əməllərdən çox-çox uzaqlarda olur. Çünki bu dünyanın faniliyini, bir imtahan olduğunu və özünün də bu dünyada bir qonaq olduğunu anlayır və əsil həyatı, sonsuza qədər ruhunun məkanı olacaq Axirət üçün savab qazanmağa çalışır.
Məhəmməd Peyğəmbər (s.ə.s)buyurub: -“İslam beş sütun üzərində qurulub.Onlar namaz,zəkat,həcc,oruc və əhli- beytin vilayətidir”
Bu beş sütunun hər biri insan ruhuna paklıq, Ali nura yaxınlıq verən amillərdir ki, Allah bunları bəndələrinə vacib bilir. Rəsuli Əkrəm(s.ə.s) buyurur: -“Nə qədər ümmətim bir-birinə məhəbbət edib, namaz qılıb, oruc tutub, zəkat verib, qonaqsevərlik edərsə həmişə xeyirdə olacaqdır.”
Bütün dünyanı xəlq edən Yaradanımız öz bəndələrinə olan sərhəddsiz məhəbbətindən bu yaşadıqları sınaq dünyasında bizə sözün əsil mənasında insan kimi yaşamaq üçün minlərcə nemət bəxş edib. Bəzi insanlar isə Allahın onlara bəxş etdiyi hər bir nemətə, nəfəs aldıqları havaya, üstündə rahat gəzdiyi torpağa, içdiyi suya, torpaqdan və sudan hasil olan milyonlarla hazır qida məhsullarına, onları əhatə edən bütünlüklə hər şeyə görə şükr etməkdənsə, daha da naşükürlük edib daha böyük iddialarla yaşayırlar. İnsan naşükürlük etdikcə isə qəlbi daşlaşır, mərhəmət hissini tədricən itirir, sevgi isə onlarçın yad bir anlayış formasını alır. Bəlkə də ani bir vaxt aralığında özü üçün dünyanın xoşbəxti olsa da tezliklə nəyinsə çatışmadığını duyur. Bu da Allahın bir mərhəmətidir, bəndə yaradanından nə qədər uzaq düşüb, günah işlər tutarsa, yenə də müxtəlif sınaqlarla düz yola çəkilir. Əgər etdiyi əməllərdən əl çəkib, haqq yoluna gəlib, tövbə edərsə, günahı əhv edilir. İmam Sadiq(ə) buyurur ki, Allah-təala Davud(s)-a belə vəhy etdi: “Ya Davud! Həqiqətən, Mənim mömin bəndəm bir günah edib, sonra əməlindən qayıtsa və tövbə etsə və Məndən o günahı xatırlayan zaman həya etsə, onu bağışlayaram, onun günahını əməl kitabına yazanların yadından çixardaram, onu həsənəyə çevirərəm. Bu işdən də heç vaxt qorxum yoxdur; çünki Mən rəhm edənlərin Rəhimlisiyəm.”
İslam Yer üzərinə bəxş edilmiş sonuncu mütərəqqi, vahid dindir. Müqəddəs kitabı olan Quranda misli olmayan açıqlamaları duymaq bəsdir ki, Allahın buyurduğu yolla yaşamağın gözəlliklərini hiss edəsən. Bir özünüz düşünün, əgər yaşadığımız dünya fanidirsə, Axirətdə də bizi bu sınaq dünyasında etdiyimiz əməllərə görə imtahan edib, əməllərimizin əvəzində yaradanımız möminlərə bəxşiş olaraq cənnəti, günahı ağır olanlara isə cəhənnəmi məsləhət verəcəksə, onda nəyə görə o dünyaya görə ani anlamda olan bu həyatımızı allahın buyurduğu yolla yaşamayaq, həyatımızı savab əməllərlə, pak düşüncələrlə bəzəməyək?
Dəryalar qələm, səhralar kağız olsa, inanın ki, İslamın bizə bəxş etdikləri gözəllikləri yazıb bitirmək mümkünsüz olmaz.
Müəllif: AFA.H